Prezident Şəhidlər Xiyabanını ziyarət edib

Şəhidlər Xiyabanı

Azərbaycan prezidenti İlham Əliyev bu gün - yanvarın 20-si səhər saatlarında Şəhidlər Xiyabanını ziyarət edib.

Xəbəri AZƏRTAC yayıb.

Dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident «Əbədi məşəl» kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramını bildirib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından o vaxt həlak olan insanların dəfn olunduğu xiyabana ziyarət başlayıb. Ziyarət davam edir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.