Atəşkəslə bağlı 20 yanvar açıqlaması

Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 42 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndləri, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.