Moskva Facebook-a xəbərdarlıq edib

RT

Rusiya xəbərdarlıq edib: RT-in sosial şəbəkələrə girişi məhdudlaşdırılsa, Moskva da ABŞ-ın da mətbuat və sosial şəbəkələrinə qarşı tədbir görəcək.

Dünən—yanvarın 19-da Rusiyada dövlətin nəzarəti altında çalışan RT telekanalı Facebook səhifəsinə mətn yerləşdirə bilmədiyini, sayta girişin yanvarın 21-dək bloklandığını bildirib. Bu müddətin ABŞ-ın yeni seçilmiş prezidentin inauqurasiya vaxtına düşməsi xüsusi vurğulanıb. Facebook elə həmin gün telekanalın səhifəsinə girişin bərpa edildiyini, bloklanmanın səbəbinin araşdırıldığını elan edib, RT-ni kimisə günahlandırmamağa çağırıb.

Amma RT rəhbərliyi səhifənin qəsdən bloklandığını və bu işdə Azad Avropa/Azadlıq Radiosunun rus dilində yayımlanan «Current Time» xəbər proqramı rəhbərliyinin əli olduğunu bildirib. Onların fikrincə, «Current Time» ABŞ prezidenti Barack Obama-nın son mətbuat konfransının yayımlanması zamanı müəllif hüquqlarının pozulmasıyla bağlı şikayət edib. «Current Time» ittihamları rədd edir.

Rusiyanın dövlət kommunikasiya agentliyi «Roskomnadzor» rəhbərliyi isə Rusiyada da ABŞ-a məxsus media orqanlarının fəaliyyət göstərdiyini xatırladaraq, RT-ə qarşı məhdudiyyətlərə cavab verə biləcəklərini söyləyib.