Ağcabədidə ana və uşaq ölümü

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

Ağcabədi rayonunda yanvarın 18-i gecə doğuş zamanı ana və körpə ölümü baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinə gətirilib.

Xəbərdə qeyd edilir, doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə vəfat edib. Ölümlərin səbəbi, hələlik, açıqlanmır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

Son həftələr Gəncədə və ölkənin başqa bölgələrində də doğuş zamanı ana ölümü ilə bağlı tez-tez xəbərlər yayılır.

Həkimlərin izahatı

Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi açıqlanıb.

AğcabədiRayon MərkəziXəstəxanasından APA-ya verilən məlumata görə, Təzəgül Qaraşovanın ölümünə böyrək çatışmazlığı səbəb olub.

Həkimlərin deməsinə görə, xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2100 qram çəkidə qız dünyaya gətirib. T.Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığından doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl də iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığından körpələr ölüb.