'Sərhədsiz Reportyorlar' Əfqan Sadıqova azadlıq istəyir

Sərhədsiz Reportyorlar

«Cəlilabadda fəaliyyət göstərən sayt redaktoru Əfqan Sadıqovun 30 ay müddətinə həbs olunması barədə hökm qondarma ittihamla çıxarılıb».

«Sərhədsiz Reportyorlar» təşkilatının bəyanatında belə yazılır.

Təşkilat Ə.Sadıqovun azel.tv saytının redaktoru olduğunu qeyd edir. Bəyanatda vurğulanır ki, həmin sayt tez-tez Cəlilabadda, Azərbaycanın digər rayonlarında yolların pis vəziyyəti, infrastrukturun dağılması və dövlət vəsaitinin mənimsənilməsi haqqında yazılar verib.

«Bu, Avropa İnsan Hüquqları Konvensiyasında, Vətəndaş Hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda zəmanət verilmiş KİV azadlığı hüququnun daha bir kobud pozuntusudur», - deyə bəyanatda qeyd edilir.

Təşkilata görə, Azərbaycan hakimiyyəti tənqidçi jurnalistləri və bloqqerləri susdurmaqdan ötrü belə ittihamlardan tez-tez istifadə edir.

«Qurbanlar arasında Faiq Əmirli və Seymur Həzi də var. Jurnalistlər xaricə getdikdən sonra da hökuməti tənqid etməyə davam edirsə, hakimiyyət onların qohumlarını həbs edir», -deyə bəyanatda bildirilir.

«Sərhədsiz Reportyorlar» hesab edir ki, Əfqan Sadıqov azad edilməli, ona verilən ittihamlar isə apellyasiya ilə ləğv olunmalıdır.

XATIRLATMA

Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanılmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsilə ittiham irəli sürülmüşdü.

İttiham ötən ilin avqustunda rayon icra hakimiyyətinin binasında bir qadınla baş vermiş insidentlə bağlı idi. İttihamda jurnalistin xanıma xəsarət yetirdiyi iddia olunurdu.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Prosesdə icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.