ABŞ səfirliyi viza almaq istəyənləri tələsdirir

Səfirlik

Novruz bayramında ABŞ-a səfər etmək niyyətində olan azərbaycanlıların vizadan ötrü yanvar və fevral aylarında müraciət etmələri tövsiyə olunur.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında belə yazılır.

Səfirlik Novruz bayramı zamanı ABŞ-a səyahət etməyi planlaşdıranların vizadan ötrü mümkün qədər tez müraciət etmələrini rica edir.

«Bayram günləri yaxınlaşdıqca, ABŞ vizasına müraciət edənlərin sayı artır. Əgər siz mart ayına qədər gözləsəniz, viza görüşünün təyin edilməsi zamanı uzun növbə ilə üzləşə bilərsiniz. Gecikmələrin qarşısını almaq üçün ABŞ vizasına yanvar və fevral aylarında müraciət etmənizi tövsiyə edirik», - deyə səfirlik bildirir.

ABŞ-ın Azərbaycandakı səfirliyi vizalarını yeniləmək istəyən təcrübəli şəxslərə Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.

Səfirliyin məlumatına görə, bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarından konsulla görüşmələri tələb olunmayacaq.

Hər il martın 21-i Azərbaycanda baharın gəlişi ilə bağlı Novruz bayramı qeyd edilir.