Məzunların iş problemi müzakirə olunub

British Council.

“Bütün dünyada universitetlərin ən aktual problemlərindən biri məzunların işlə təmin olunmasıdır”.

British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt yanvarın 17-də Bakıda keçirilən forumun açılışında belə deyib.

Four Seasons otelində keçirilən forum “Ali məktəb məzunlarının işə düzəldilməsi” mövzusuna həsr olunub. Tədbiri Britaniyanın British Council təşkilatı Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Buna da bax:​ Məzunlar «işsizlik və işçisizlik» dilemması ilə üz-üzə qalıblar

Elizabet Vayt qeyd edib ki, 2014-cü ildən keçirilən belə forumlar işəgötürənlərlə ali məktəblər arasında yaxşı əlaqə yaratmalıdır.

“Araşdırmalar göstərir ki, Azərbaycan iki problemlə üzləşir - təhsilin keyfiyyətinin yüksək olmaması və məzunların ixtisas üzrə işlə təmin edilməsi”, o, bildirib.

“Lester” Universitetinin professoru Rajeş Pateli bu sahədə Britaniya təcrübəsini bölüşüb.

Buna da bax: Amerika səfirliyi “Karyera günü və iş yarmarkası” təşkil edib

O deyib ki, Britaniyanın ali məktəbləri öz məzunlarının ixtisas üzrə iş əldə etməsinə zəmanət verməyə çalışır. Bundan ötrü potensial işəgötürənlərlə xüsusi münasibətlər qurulur.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov isə bildirib ki, ali məktəblərin reytinqinin müəyyən edilməsi, bu məsələnin həllinə kömək edəcək.