Qiyamçılar danışıqlara qatılmağa razıdırlar

Suriyada döyüşlər.

Suriya qiyamçıları Türkiyəylə Rusiyanın planladığı sülh danışıqlarına qatılmağa razılıq veriblər.

Danışıqlar yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada keçirilməlidir.

«Fastaqim» qiyamçı qrupundan Zakaria Malahifji Ankarada aparılan müzakirələrdə qiyamçıların çoxunun danışıqlara razı olduğunu söyləyib. Onun sözlərinə görə, Astanadakı toplantıda Suriyada sülhün bərpası, ölkəyə humanitar yardım, tutulanların azadlığa buraxılması məsələləri müzakirə olunacaq.

2016-cı il, dekabrın 29-da Rusiya Türkiyəylə birgə Suriyadakı qiyamçılarla hökumət qüvvələri arasında razılaşmaya nail olduğunu, sülh danışıqlarının başlanacağını elan etdi. ABŞ-ı prosesdən kənarlaşdıran Moskva danışıqlarda Türkiyə və Rusiyayla yanaşı, İranın da iştirak edəcəyini, Misir, Səudiyyə Ərəbistanı, Qətər və İordaniyanın da masa arxasında ola biləcəyini dedi.

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın Ağ ev sözçüsü olacaq Sean Spicer onların da danışıqlara dəvət aldığını deyib. Amma Kremlin sözçüsü Dmitry Peskov bu xəbəri təsdiqləməyib.