Cəbhədə snayperlər işə düşüb

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 44 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Koxanəbi, Əlibəyli, Ağbulaq kəndlərinin, Krasnoselsk rayonundan da Gədəbəy rayonunun Qaravəlilər kəndinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.