Rusiya Trump-ın təklifini rədd edir

Sergei Ryabkov

Rusiya Donald Trump-ın nüvə silahlarının ləğviylə bağlı təklifini, deyəsən, rədd edir. ABŞ-ın yeni seçilmiş prezidenti D.Trump Rusiyayla danışıqlara getmək, sanksiyaları aradan qaldırmaq, əvəzində Moskvanın nüvə silahlarını azaltmasına nail olmaq istədiyini bildirmişdi.

Dünən--yanvarın 16-da Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Nyu-Yorkda jurnalistlərlə söhbətində deyib ki, onlar danışıqlara tərəfdardırlar, amma silahlardan sanksiyaların ləğvi müqabilində imtina etmək niyyətində deyillər. «Sanksiyalar dialoq mövzusu deyil… Biz sanksiyaların aradan qaldırılmasından ötrü hansısa şərtləri müzakirə etməmişik, etmirik də. Bu sanksiyaların hamısı bilərəkdən və qanunsuz bəhanələrlə irəli sürülüb», - S.Ryabkov belə deyib.

S.Ryabkov Moskvanın nüvə silahlarının azaldılmasıyla bağlı dialoqa açıq olduğunu, amma hansısa güzəştə getmək istəmədiyini vurğulayıb.