Korrupsiya idarəsinin rəisi Əli Abbasovdan danışdı

Əli Abbasov

«Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı».

APA-nın xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir iş məhkəməyə göndərilib. 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.

Əli Abbasovun 6.8 milyon manatı dəymiş ziyan kimi ödəməsi barədə məhkəmədə vəkillər vəsatət verib.

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra keçmiş rəhbər şəxsinin məhkəməsi gedir. Məhkəmədə bu nazirlikdə vaxtilə vergidən kənar yüksək məbləğdə aylıq «paket» maaşların verildiyindən bəhs edilib. Ancaq keçmiş nazir Əli Abbasovun özü həbs edilməyib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov, bunun ardınca isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarılıb. Sonra da hər iki nazirliyin bəzi rəhbər şəxsləri mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və başqa cinayətlərdə ittiham ediliblər.