ABŞ-ın vitse-prezidenti Ukraynadadır

Joe Biden və Petro Poroshenko

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynaya gedib. Ağ evdən verilən məlumata görə, J.Biden Kiyevə ölkəsinin dəstəyini nümayiş etdirməyə, iki ölkə arasındakı diplomatik əlaqələrin 25 illiyini qeyd etməyə gedib. Bu gün—yanvarın 16-da o, Kiyevdə baş nazirVolodymyr Groysman və prezident Petro Poroshenko ilə görüşlər keçirir.

«Vitse-prezidentin səfəri ABŞ-ın Ukraynanın müstəqilliyinə, demokratik inkişafına, çiçəklənməsinə və təhlükəsizliyinə dəstəyini, vitse-prezidentin bu məsələyə şəxsən cəlb olunduğunu vurğulamaq məqsədi daşıyır», - Ağ evin bəyanatında belə deyilir.

Kiyevdən sonra J.Biden İsveçrəyə gedərək, Dünya İqtisadi Forumuna qatılmağı planlayır.

Cəmi 4 gündən sonra prezident B.Obama kimi, J.Biden də fəaliyyətini başa vuracaq. Yeni administrasiyanın—Donald Trump-ın komandasının Ukraynayla bağlı hansı siyasəti yeridəcəyi, hələ ki, məlum deyil. Ötən həftə J.Biden onu əvəzləyəcək şəxslə gələcək siyasi kurs haqda söhbət etdiyini, məsləhətlərinin qəbul edildiyini bildirib.

Müxalifət hakimiyyətə gələndən—2014-cü ildən bəri ABŞ Ukraynada islahatların gerçəkləşdirilməsində yaxından iştirak edib. Kiyevə iqtisadi yardım məqsədiylə Vaşinqton 3 milyard dollardan artıq vəsait ayırıb, Ukraynanın Krım vilayətini ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiyalar qoyub.