Keçmiş komandana 13 il həbs istənildi

Şahin Sultanov

Yanvarın 12-də Hərbi Məhkəmədə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun işi üzrə məhkəmə davam edib.

Bu gün, yanvarın 12-də keçirilən prosesdə dövlət ittihamçısının çıxışı dinlənilib. O, keçmiş komandana verilmiş vəzifə saxtakarlığı, mənimsəmə və israfçılıq ittihamlarının məhkəmə istintaqı zamanı təsdiqləndiyini ifadə edib.

Dövlət ittihamçısı məhkəmədən Ş.Sultanovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 13-də davam etdiriləcək.

XATIRLATMA

Şahin Sultanov 1999-cu ildən Hərbi Dəniz Qüvvələrinin komandanı olub. O, Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən ilk və yeganə vitse-admiral idi.

Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlamışdı ki, HDQ-də aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.

«Aşkarlanmış qanun pozuntuları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin keçmiş komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib», -prokurorluq bildirmişdi.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Həmin il dekabrın sonunda Bakı Hərbi Məhkəməsi Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etmişdi.

Vitse-admiral azadlığa buraxıldığına görə dövlət başçısına təşəkkür etmişdi: «Günahkar deyiləm. Azadlıqda olduğuma görə prezident İlham Əliyevə və Mehriban xanıma təşəkkür edirəm. Hərbi rütbələrim isə geri alınmayıb»,-deyə o bildirirdi.

Hazırda həmin cinayət işi üzrə məhkəmə prosesi davam edir.