Rusiya İrana uran göndərib

İranda atom elektrik stansiyası.

Rusiya İrana böyük miqdarda təbii uran göndərib. İranla nüvə razılaşmasına imza atan ölkələr, o cümlədən ABŞ buna razılıq verib.

116 tonluq təbii uran İrana nüvə razılaşmasına əsasən, zənginləşdirilmiş uranın əvəzinə göndərilib.

Diplomatların «The Associated Press» agentliyi və «Fox News» telekanalına verdiyi məlumata görə, İran razılaşma əldə olunandan bəri ilk dəfədir ki, belə böyük miqdarda uran alır.

Əslində, indi İranla anlaşmanın taleyi sual altındadır, çünki yeni seçilmiş ABŞ prezidenti Donald Trump işə başlayan kimi bu razılaşmadan imtina edəcəyini söyləyib. Bəzi respublikaçı senatorlar da müqaviləyə qarşıdırlar. İrana böyük miqdarda uranın göndərilməsi onlara bəhanə verə, Tehranın nüvə silahı əldə etməyə çalışması haqda iddialara səbəb ola bilər.

Tehran bu cür ittihamları dəfələrlə rədd edib, uranı silah deyil, enerji əldə etmək məqsədiylə zənginləşdirdiyini bildirib.