Türkiyə İncirlik bazasından istifadəni şübhə altında qoyur

İncirlik bazası

Türkiyə hakimiyyəti ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın İncirlik hərbi-hava bazasından istifadə eləməsini şübhə altında qoyub.

Türkiyənin baş nazir müavini Veysi Kaynak Ankaranın, ABŞ-ın Türkiyənin Suriyada apardığı əməliyyatları dəstəkləməməsindən məyus olduğunu deyib.

Söhbət xüsusilə son günlər Əl-Bab ətrafında keçirilən əməliyyatdan gedir.

O, bu məsələnin hökumətin gündəliyində olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ötən ilin avqustunda sərhədlərini “İslam dövləti” qrupu və kürd qruplaşmalarından təmizləmək məqsədilə Suriya ərazisinə ordu yeridib.

ABŞ-ın hərbi nümayəndəsi yanvarın 4-də bildirib ki, Vaşinqton Əl-Bab əməliyyatına dəstəklə bağlı Türkiyə ilə danışıqlar aparıb və ola bilsin ki, ona dəstək göstərəcək.