Fransa prezidentliyinə namizəd Krımı Rusiyaya aid edib

Marine Le Pen

«Rusiyanın Krımı tutması qanunsuz deyil və mən Krımı Rusiyanın bir hissəsi hesab edirəm». Bunu Fransa prezidentliyinə namizəd Marine Le Pen deyib.

Fransanın BFM TV telekanalına müsahibəsində Milli Cəbhə Partiyasının lideri Qərblə Şərqin Soyuq müharibə dövründən sonrakı münasibətlərindən danışıb və Kremlin tərəfində olduğunu söyləyib: «Mən Krımın ilhaqının qanunsuz olması fikriylə razı deyiləm. Referendum keçirilib və Krım sakinləri Rusiyaya qatılmağı seçiblər».

Fransada prezident seçkiləri aprelin 17-də keçirilməlidir.

Ukraynanın Krım vilayəti Rusiyaya 2014-cü ildə, Rusiya bu ərazini tutandan və referendum təşkil edəndən sonra ilhaq olunub. Birləşmiş Ştatlar və Avropa Birliyi referendumun saxta, Krımın Ukraynadan ayrılmasının qanunsuz olduğunu bildirib, Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.