Bordyuja niyə "Dağlıq Qarabağ Respublikası" dedi?

Serzh Sargsian (solda) və Nikolay Bordyuja

Kreml bitərəflikdən imtina edir? Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatının (KTMT) baş katibi N.Bordyuja Azərbaycan-Ermənistan sərhəddində dekabrın 29-dakı döyüşlərlə bağlı şərhində "Dağlıq Qarabağ respublikası"deyir. Azərbaycan XİN buna kəskin etirazını bildirib.

Ancaq KTMT baş katibinin belə deməsi nədən xəbər verir? Bu, Azərbaycana işarədirmi? Xəbərdarlıqdırmı?

Siyasi şərhçi Rauf Mirqədirovun sözlərinə görə, gərginliyin Azərbaycan- Ermənistan sərhəddində baş verməsindən istifadə edən Kollektiv Təhlükəsizlik Şurasının baş katibi Nikolay Bordyuja bu hadisəni Azərbaycanın Ermənistana təcavüzü kimi qələmə verməyə çalışır.

Onun sözlərinə görə gərginliyin məhz sərhəddə baş verməsi bu məsələdə maraqlı olan ölkələr tərəfindən məqsədyönlü şəkildə planlaşdırıldığına dair şübhələr yaradır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rauf Mirqədirov: "maraqlı olan ölkələr tərəfindən məqsədyönlü şəkildə planlaşdırıldığına şübhə yaradır"

Konfliktoloq Əvəz Həsənov deyir ki, Rusiya Ermənistana dəstəyini müəyyən formalarda göstərməyə çalışır. Onun sözlərinə görə Nikolay Bordyuja qəsdən bu cür ifadələrə yol verir.

Əvəz Həsənovun fikrincə Bordyuja bunu Azərbaycanı qıcıqlandırmaq üçün edir. Konfliktoloq bunu Rusiyanın mənasız və ucuz provakasiyası adlandırır. Onun qənaətincə Azərbaycan bu cür təxribatlara uymamalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əvəz Həsənov: "Bordyuja qəsdən bu cür ifadələrə yol verir"

Politoloq Fərhad Mehdiyev bunun Azərbaycana qarşı mesaj olduğunu düşünür. Onun sözlərinə görə həqiqət budur ki, Rusiyanın Dağlıq Qarabağ siyasəti bəllidir. Politoloq deyir ki, həmin siyasət uzunmüddətlidir və Rusiyanın bu siyasətini dəyişəcəyinə inanmır.

Fərhad Mehdiyevin fikrincə cəbhədəki gərginlik və Bordyujanın bəyanatı onu deməyə əsas verir ki, bu Azərbaycana bir mesajdır ki, ciddi bir vəziyyət yaranarsa, Rusiya Ermənistanı müdafiə edəcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Fərhad Mehdiyev: "Azərbaycana qarşı mesaj ..."

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu Kollektiv Təhlükəsizlik təşkilatının baş katibinin belə bir ifadə işlətməsinə təəssüfləndiyini dilə gətirir. Onun sözlərinə görə Nikolay Bordyuja Rusiya vətəndaşı olaraq rəsmi Moskvanın bu məsələdə mövqeyinə uyğun münasibət bildirməli idi.

Deputat deyir ki, onun bu cür ifadələr işlətməsi yolverilməzdir və qınanılmalıdır. Hikmət Babaoğlunun fikrincə gərginliyin sərhəddə baş verməsi və Bordyujanın bu məsələyə bu cür reaksiya verməsi əvvəlcədən düşünülmüş ssenaridir və təxribat xarakteri daşıyır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hikmət Babaoğlu:"... Bordyujanın bu cür reaksiya verməsi əvvəlcədən düşünülmüş ssenaridir ...