Atəşkəslə bağlı 30 dekabr açıqlaması

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 65 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara və Kəmərli kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi kəndlərinin və Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Son günlər isə artıq cəbhə xəbərlərində yenidən insan tələfatından da bəhs edilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.