Rusiya Ukraynaya kiber hücuma keçib- Poroshenko

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Rusiyanın onun ölkəsinə kiber-hücuma keçdiyini deyir. Onun sözlərinə görə Rusiya təhlükəsizlik xidmətlərinin hakerləri son iki ayda Ukrayna institutlarına 6 min 500 dəfə hücum ediblər.

Dekabr ayında Ukraynanın maliyyə və müdafiə nazirlikləri və dövlət idarələrinə pul paylayan Dövlət Xəzinəsi də haker hücumlarına məruz qalıb. Xəzinəyə təxribat onun sisteminin pozulmasına, nəticədə dövlət işçiləri və təqaüdçülərin aylığının yubanmasına səbəb olub.

Kiyev elektrik şəbəkəsinə haker hücumundan sonra paytaxtın bir hissəsi qaranlıqda qalıb.

P.Poroshenko deyir ki, araşdırmalar bu hücumların arxasında ya birbaşa, ya da dolayı Rusiyanın təhlükəsizlik xidmətlərinin dayandığını göstərir. Prezident Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasını müdafiə tədbirləri görməyə çağırıb.

Rusiya ittihamları rədd edir.