Rusiyanın nəqliyyat naziri terror versiyasını istisna edir

“TU-154 təyyarəsinin qəzaya uğramasına səbəb maşının texniki vəziyyəti və ya pilotun səhvi ola bilər”.

“İnterfaks”ın dekabrın 26-da yaydığı məlumata görə, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

Nazir terror aktının əsas versiya olmadığını bildirib.

Amma qeyd edib ki, son qərarı istintaq və qəzanın səbəbini araşdıran xüsusi komissiya verəcək.

Maksim Sokolov xilasedici əməliyyatların nə qədər lazımdırsa davam etdiriləcəyini qeyd edib.

Bütün ölkə boyu matəm elan edilib.

Müdafiə nazirliyinə məxsus TU-154 təyyarəsinin dekabrın 25-də Qara dənizdə qəzaya uğraması nəticəsində ümumilikdə 92 nəfər ölüb.

Ölənlərin əksəriyyəti musiqiçilərdir.

Onlar Suriyadakı Rusiya əsgərlərinə Yeni il konserti verməyə gedirmişlər.

33 ildir ki, istismarda olan təyyarə Soçidə havaya qalxdıqdan az sonra radarlardan itib.

Təyyarənin qalıqları sahilin 1-2 kilometrliyində, 50-70 metr dərinliklərdə aşkar edilib.