Jurnalistin işgəncə şikayəti araşdırılmır

Həbsxana

Vəkil Elçin Sadıqov dekabrın 21-də böhtan atmaqda təqsirləndirilərək 1 il azadlıqdan məhrum edilən jurnalist İkram Rəhimovla görüşüb.

Jurnalistin əhvalının yaxşı olduğunu deyən vəkil İkram Rəhimova işgəncə verilməsi ilə bağlı müraciətlərinin araşdırılmamasından şikayətlənib.

«Jurnalist Sumqayıt şəhər Polis İdarəsində işgəncəyə məruz qalmışdı. Onu canlı kamera vasitəsilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan üzr istəməyə məcbur etmək istəmişdilər. Bununla bağlı dəfələrlə Baş Prokurorluğa şikayətlər etməyimizə baxmayaraq, hələ də, jurnalisti dindirməyiblər, onu ekspert müayinəsindən keçirməyiblər. İkram özü bildirir ki, prokurorluq gicgahında və qabırğalarında olan xəsarətlərin tamamilə sağalmasını gözləyir», - vəkil bildirib.

Vəkil işgəncə epizodunun araşdırılması və ona hüquqi qiymət verilməsindən ötrü gərəkən bütün hüquqi addımların atılacağını, ölkə içində buna nail olunmazsa, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Vəkilin bildirdiklərinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Realliq.az saytının redaktoru İkram Rəhimov Sumqayıtdakı «Ucuz market» ticarət mərkəzinin rəhbərinin xüsusi ittiham qaydasında şikayəti əsasında həbs olunub. İ.Rəhimov həmin ticarət rəhbərinin şəhərin icra hakimiyyəti başçısına rüşvət verməsi haqqında şikayət məktubunu dərc etmişdi.

Sumqayıt şəhər Məhkəməsi həm jurnalisti, həm də jurnalistə şikayət məktubu yazan Rəhman Novruzovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə günahkar bilərək, bir il azadlıqdan məhrum edib.

Jurnalist mühakimə edildikdən sonra vəkili vasitəsilə hələ polisdə saxlanarkən ona işgəncə verildiyini açıqlamışdı. O, ictimaiyyətə məktubunda yazırdı: «Mənə Sumqayıt polisində 3 gün işgəncə verdilər. Polis rəisinin müavini öz otağında əməliyyatçılarla mənə işgəncə verirdi. Tələb edirdilər ki, videokamera ilə canlı olaraq icra başçısı Zakir Fərəcovdan üzr istəyim...».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə olaya münasibət bildirərkən bu şikayəti «əsassız və şantaj» saymışdı. Şöbə rəisi jurnalistə polisdə heç bir işgəncə verilmədiyini deyirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti də jurnalisti təkzib etmişdi. Oradan bildirmişdilər ki, icra başçısı Zakir Fərəcov, ümumiyyətlə, bu işlə əlaqəsi olduğunu təkzib edir.