Gürcüstanın müdafiə naziri Bakıdadır

Levan Izoria

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan Izoria-nın başçılığı ilə nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Levan Izoria bildirib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O, Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Gürcüstanın müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması vacibdir.
Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Prezident İlham Əliyev də öz növbəsində iki ölkə arasında strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluğunu bildirib.

O, vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Prezident Qarabağ münaqişəsindən də danışıb.

İlham Əliyev deyib ki, danışıqlarda vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər. Bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir.

ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.