Türkmənistan prezidenti yenidən seçilməyə hazırlaşır

Gurbanguly Berdymukhamedov

Türkmənistanın hakim Demokrat Partiyası budəfəki seçkidə də prezident Gurbanguly Berdymukhammedov-u namizəd elan edib. Türkmənistanda prezident seçkisi fevralın 12-də keçirilməlidir.

Prezidentin namizədliyinin irəli sürülməsi onun hakimiyyətdə qalacağına işarədir. Çünki beynəlxalq təşkilatların rəyinə görə, ölkə tarixində hələ heç bir səsvermə azad və ədalətli olmayıb.

G.Berdymukhammedov-un 59 yaşı var. O, 2006-cı ildən—diktator Saparmurat Niyazov vəfat edəndən hakimiyyətdədir. G.Berdymukhammedov 5 illiyinə seçilib. Amma konstitusiyaya sentyabrda edilən dəyişikliyə görə, bundan sonrakı prezidentlər ölkəyə 7 il başçılıq edəcəklər. Sənayeçi və Sahibkarların Partiyası, həmçinin Aqrar Partiyası öz namizədlərini bu günlərdə elan etməlidirlər. Amma onların seçkiyə formal olaraq qatılacağı güman edilir.