Vəkil ilahiyyatçıya bəraət istədi

Elşən Mustafaoğlu

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçmiş sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə prosesi davam edib. Bunu AzadlıqRadiosuna vəkil Əfqan Məmmədov bildirib.

Vəkilin deməsinə görə, qapalı gedən prosesdə çıxış edib və E.Mustafaoğluna bəraət verilməsini istəyib: «E.Mustafaoğlu dövlətə xəyanətdə ittiham olunsa da, cinayət işində əleyhinə olan bir mötəbər sübut belə yoxdur. Odur ki, bəraət hökmü çıxarılmasını istədim».

Vəkil deyir ki, bundan sonra E.Mustafaoğlu son sözə hazırlaşmaqdan ötrü vaxt istəyib və proses dekabrın 22-nə kimi təxirə salınıb.

Bundan əvvəlki məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı E.Mustafaoğluna 12 il həbs cəzası istəmişdi.

E.Mustafaoğlu 2014-cü ilin sonlarında həbsə alınıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

İlahiyyatçı məhkəmə prosesində deyib ki, həbsindən sonra ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ondan QMİ sədri Allahşükür Paşazadənin və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istəyiblər.