ABŞ Seçici Kollegiyası bilgi istəyir

D.Trump-ın seçki plakatı.

ABŞ-ın Seçici Kollegiyası Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı təlimatlandırma istəyir.

Dekabrın 19-da Kollegiya yeni seçilmiş prezident Donald Trump-ın vəzifəsini təsdiqləməlidir. Kollegiyanın 10 üzvü—bir respublikaçı və 9 demokrat səsvermədən əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəyi barədə onlara detallı bilgi verilməsini istəyib.

CIA-in məlumatına görə, rus hakerlər demokratların namizədi Hillary Clinton-un kampaniyasını sarsıtmaq, D.Trump-ın qələbəsini təmin etməyə çalışıblar.

Seçici Kollegiyasının Milli Kəşfiyyat İdarəsinin rəhbəri James Clapper-ə ünvanladığı açıq məktubda deyilir ki, seçicilər ittihamların nə dərəcədə əsaslı və güclü olduğunu, bu istiqamətdə araşdırmaların davam edib-etmədiyini bilmək istəyirlər.

Adətən Seçici Kollegiyası ştatlardan gələn seçki nəticələrini təsdiqləyir. Amma ABŞ konstitusiyası seçicilərə nəticələri sual altında qoyan fövqəladə faktorları nəzərə almaq ixtiyarı verir.