Heydər Əliyevi anım günüdür

Heydər Əliyev

Bu gün, dekabrın 12-si Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının 13-cü ildönümüdür.

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, daha sonra Azərbaycan Dövlət Universitetinin ( Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirib.

1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə götürülüb.

Bu sistemdə H.Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib. General-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyul plenumunda H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifəsindən azad edilib və 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Bakıya qayıdıb. O, 1991-ci ilin iyulunda Kommunist Partiyasının sıralarını tərk edib.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə «Yeni Azərbaycan» Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında bu partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranı nəticəsində hakimiyyətə gəlib. 1993-cü il oktyabrın 3-də prezident seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib. Namizədliyini oğlu İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də H.Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfat etdiyi bildirilir.

Azərbaycanda ona birmənalı münasibət yoxdur. Tərəfdarları hesab edir ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb. Üstəlik, onun Azərbaycanın dünyada tanınmasında müstəsna xidmətləri olub.

Opponentləri isə onu Azərbaycanda korrupsiyanı çiçəkləndirməkdə, sülalə rejimi yaratmaqda və Dağlıq Qarabağ ətrafında 6 rayonun işğalında məsuliyyət daşımaqda günahlandırırlar.