ABŞ səfiri Dini Komitədə

Robert Cekuta

Dekabrın 9-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Cekuta-nı qəbul edib.

Komitənin yaydığı xəbərə görə, M.Qurbanlı görüşdə bildirib ki, Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: «Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti dini icmalara maliyyə yardımı ayırır».

Robert Cekuta isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.

ABŞ Dövlət Departamentinin beynəlxalq din azadlığı haqqında 2015-ci il hesabatında Azərbaycanla da bağlı bir sıra məqamlar öz əksini tapmışdı. Orada hökumətin bəzi icmalara təzyiqlərindən və qeydiyyatda yaranan problemlərdən bəhs edilirdi.