'Azərbaycan Minsk Qrupundan fəallıq gözləyir'

Xarici işlər naziri Elmar Məmmədyarov

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır”.

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-i ATƏT-in Nazirlər Şurasının 23-cü toplantısında çıxışında belə deyib.

Çıxışın mətnini Xarici İşlər Nazirliyi yayıb.

Nazir Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməli olmasına dair ATƏT çərçivəsində yekdil mövqe mövcud olduğunu təqdir edib.

”Azərbaycan hazırki status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz ATƏT və Minsk Qrupunun bu məsələdə fəal rol oynamalarını gözləyirik”, nazir bildirib.

O, qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsinə, ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

“Ermənistan tərəfindən son bir neçə ay ərzində səsləndirilən bəyanatlar nikbinlik üçün əsas vermir. Aydın şəkildə göstərir ki, Ermənistan tərəfi nəticə yönümlü danışıqlara konstruktiv cəlb olunmaq niyyətində deyil”, nazir bildirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.ABŞ,Rusiya və Fransa həmsədr ölkələrdir.