'Bəs o milyonlar hara getdi, Artur müəllim?'

Bəxtiyar Əliyev

«Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlara mənzillər də tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu. Üstündən 10 il keçib».

Modern.az-ın xəbərinə görə, bunu parlamentdə dekabrın 8-də keçirilən büdcə zərfi müzakirələrində deputat Bəxtiyar Əliyev deyib.

O, baş nazir Artur Rasizadəyə müraciət edib.

«Dövlət büdcəsindən milyonlarla vəsait hansısa şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkətlər, hələ də, bu mənzilləri tikib insanlara verməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm: Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə, bu məsələ indiyə kimi öz həllini tapa bilmir», - deputat bildirib.

Ona cavabı spiker Oqtay Əsədov verib.

«Siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanın tikintisini başa çatdırırlar. Bina başa çatanda kimin ki, orada mənzili var, onu da alacaqlar. Orada problem olmayıb», - spiker deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

YAP-çı deputat məmur villaları haqda danışır