'Qarabağ'ın qapıçısı Emil Balayev polisdədir

«Qarabağ»-PAOK oyunu

«Qarabağ» futbol klubunun qapıçısı Emil Balayevin dekabrın 7-si qəzaya düşdüyü bildirilir. Hadisənin Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verdiyi bildirilir.

Verilən xəbərlərə görə, qapıçının idarə etdiyi «BMW X5» markalı 10-OH-111 nömrəli avtomobil ilə «Mercedes» markalı avtomobil toqquşub.

«Mercedes»də olan 6 aylıq körpənin öldüyü, valideynlərinin vəziyyətinin isə ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsini «Qarabağ» futbol klubunun icraçı direktoru Emirah Çerikel də «Turan» agentliyinə təsdiq edib. Onun deməsinə görə, hazırda futbolçu Suraxanı rayon Polis İdarəsindədir.

Emil Balayev peşəkar karyerasına «Neftçi»də başlayıb. Daha sonra o, icarə əsasında «Sumqayıt» və «Mil Muğan»da çıxış edib.

E.Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə «Eintracht»a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və «Qarabağ»la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

«Qarabağ» bu gün, dekabrın 8-i Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaqdan ötrü İtaliyanın «Fiorentina» klubu ilə qarşılaşacaq.