İlqar Məmmədovdan xəbər var

İlqar Məmmədov

Vəkil Cavad Cavadov dekabrın 7-si hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb.

“Üç gün idi evə zəng vurmurdu və zəng vurmayanda müəyyən narahatlıq ehtimalları yaranır. Bu gün, onunla saxlandığı 2 saylı Cəza Çəkmə Müəssisəsində görüşdüm. Şükürlər olsun narahatçılığa heç bir əsas yoxdur” – deyə vəkil C. Cavadov bildirib.

Buna da bax:​ 'İlqar Məmmədova ittihamlar qaldırılmalıdır'

Cavad Cavadov qeyd edib ki, dekabrın 8-i Avropa Şurasının Nazirlər Komitəsində Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icra edilməməsinə görə, növbəti qərar gözlənilir.

“İlqar Məmmədov həmin qərarın daha təsirli olmasına ümid edir” – vəkil vurğulayıb.

Ötən ay, noyabrın 18-i Ali Məhkəmə İlqar Məmmədovla bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb.

Buna da bax: ABŞ İlqar Məmmədovu azad etməyə səsləyir

Şikayət təmin edilməyib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

Buna da bax:​ Avropa İttifaqı İlqar Məmmədova azadlıq tələb edir

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.