Fransalı nazir Azərbaycana buraxılmaya bilər

Xarici İşlər nazirliyi

Fransanın yeni daxili işlər naziri Bruno Le Run Azərbaycana səfər edərsə ölkəyə buraxılmaya bilər. Onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadır.

“Arzuolunmaz şəxslər” siyahısında 91-ci olan Bruno Le Runun adının qarşında belə yazılıb: “Fransa Milli Assambleyasının üzvü, 2016-cı il dekabrın 6-dan etibarən Fransanın daxili işlər naziridir”.

Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabrında Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə rəsmi Bakının razılığı olmadan səfər edib.

Buna da bax:​ Fransa prezidenti milli qvardiya yaradılmasını göstəriş verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq “arzuolunmaz şəxslər” siyahısına daxil edilir.

“Qanun qanundur və hamıya da eyni cür şamil olunur”, - o qeyd edib.

Hazırda ermənilərin nəzarətində olan Azərbaycan ərazilərinə rəsmi Bakının razılığı olmadan səfər etmiş 623 nəfər “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

Buna da bax: Fransa baş naziri: 'Müsəlman ruhanilər Fransada yetirilməlidir'

Amma bu siyahıya adları salınmış şəxslərə istisna münasibət də olur.

“Arzuolunmaz şəxslər”dən bəzisinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdikdən sonra adları siyahıdan çıxarılıb. Bu günlərdə Rusiya vətəndaşı Soso Pavliaşvili üzrxahlıq məktubu yazdıqdan sonra hətta Azərbaycanın paytaxtında konsert proqramı ilə çıxış edib.