Oqtay Əsədov nikbindir

Oqtay Əsədov

«Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib».

APA-nın xəbərinə görə, bunu dekabrın 6-sı Milli Məclisin iclasında 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı sədr Oqtay Əsədov deyib. O bildirib ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub:

«Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1.5 milyard manat azaldılaraq 6.1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək».

Layihədə dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır.

2016-cı ildə dövlət büdcəsi isə iki dəfə qəbul edilmişdi. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard, xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir barreli 50 dollara götürülmüşdü.

Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16 milyard manatdan, xərcləri isə 18 milyard manatdan bir qədər çox götürüldü. Neftin bir barreli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

Bu layihədə isə neftin bir barrelinin 40 dollardan hesablandığı bildirilir. Ekspertlər bu büdcəni son 10 ilin ən kiçik büdcəsi adlandırırlar.