Azərbaycan duzu ucuzlaşıb, ancaq gəlir artıb

Bir zamanlar Masazır duzlu gölündə

Azərbaycan yodlaşdırılmış duz ixracını 5.6 dəfə artırıb. Bununla əlaqədar xaricdə satışdan daxilolmalar üç dəfə yüksəlib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, yanvar-sentyabr aylarında duzun idxalı 22.7 faiz artaraq 10 min 246 ton təşkil edib. Duzun tonu xaricdə 120.3 dollara satılır. Bu da 2015-ci ildə olduğundan 2 dollar ucuzdur.

Duzun pərakəndə satış qiyməti bir kiloqrama görə 0.60-1 manatdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında qidaya yararlı 49.3 min ton yodlaşdırılmış duz istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76.3 faiz çoxdur.

«Azersun Holding»dən başqa, «Naxçıvan Duz İstehsalı» MMC və fiziki şəxs (Tehran Rəşidov) duz istehsalı ilə məşğul olur.

Ərzaq balansına görə, 2015-ci ildə Azərbaycanda 37 min ton duz istehlak edilib. Bu da əvvəlki ildə olduğundan 1.5 min ton çoxdur. İstehlakın 1/3 hissəsi (13.6 min ton) idxalın hesabına təmin edilib.