Mərkəzi Bankın ehtiyatlarında cüzi artım

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının noyabrın 30-a rəsmi valyuta ehtiyatlarının məbləği 4 milyard 11 milyon dollar təşkil edib.

Bankın rəsmi valyuta ehtiyatları ilə bağlı bilgisində belə deyilir.

Oktyabr ayının 31-ə olan rəsmi bilgilərlə müqayisədə Mərkəzi Bankın vəsaitləri cüzi artıb. Oktyabrın 31-də Mərkəzi Bankın ehtiyatları 4 milyard 5,5 milyon olub.

Bir ayda cüzi artım qeydə alınıb – 5.5 milyon dollar.

Ondan əvvəlki ayda isə Mərkəzi Bankın valyuta ehtiyatları 127 milyon dollar azalmışdı.

2008-ci ilə qayıdış...

Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarının həcmi 2008-ci ilin fevral ayının göstəriciləri ilə üst-üstə düşür. Həmin vaxt Mərkəzi Bankın 4 milyard 13 milyon ehtiyatı vardı.

Mərkəzi Bank ən böyük ehtiyatlara 2014-cü ilin iyulunda sahib olub. O zaman bankın ehtiyatında 15 milyard 193 milyondan artıq ABŞ dolları vardı.

Azərbaycan Dövlət Neft Fondunun ehtiyatlarının isə 36 milyard dollara yaxın olduğu açıqlanıb.