'Avropa' yox, 'Azərbaycan' Qran-Prisi

Formula-1

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FIA) Vyanada baş tutmuş Baş Assambleyasında «Formula-1» üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib.

APA-nın xəbərinə görə, yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq.

Bundan əlavə, turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq, iyunun 19-da deyil, 25-də keçiriləcək.

Almaniya Qran-Prisi siyahıdan çıxarıldığından «Formula-1» 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-Prisi ilə start veriləcək, çempion isə noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.

Bu il iyunun 17-dən 19-a kimi Azərbaycanda «Formula-1» yarışları keçirilib. Bu yarışlar bundan sonra daha 4 il Azərbaycanda keçiriləcək. Əks halda əvvəlcədən razılaşdırıldığına görə, Azərbaycan cərimə ediləcək. Gələn ilin büdcə layihəsində İslam Oyunları və «Formula-1» yarışlarına 317 mln. 300 min manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Hakimiyyətin tənqidçiləri hesab edirlər ki, həmin pullar beynəlxalq idman yarılarına yox, xalqın sosial problemlərinə xərclənməlidir.