Kadyrov: 'Nemtsov Rusiyanın düşməni idi'

Ramzan Kadyrov

Çeçenistan lideri Ramzan Kadyrov müxalif siyasətçi Boris Nemtsov-un qətliylə bağlı sorğu-suala hazır olduğunu, bildiriş alarsa, ifadə verməkdən ötrü Moskvaya yollanacağını deyib.

B.Nemtsov 2015-ci ildə Moskvada öldürülüb. Hadisəyə görə Çeçenistandan olan bir neçə nəfəri tutub, məsuliyyətə cəlb ediblər. Həbs edilənlərdən Zaur Dadayev R.Kadyrov-la bağlılığı olan təhlükəsizlik qüvvələrinin keçmiş zabitidir. Ona görə də B.Nemtsov-un qızı Zhanna Nemtsova R.Kadyrov-un da dindirilməsini istəyir.

TASS agentliyinin yayımladığı müsahibədə R.Kadyrov B.Nemtsov-un onunla dost, yaxud düşmən olmadığını söyləyib, Onun sözlərinə görə, B.Nemtsov-u öldürənlər çeçenləri nüfuzdan salmaq, eyni zamanda həm də R.Kadyrov-dan qurtarmaq istəyiblər.

R.Kadyrov Rusiya prezidenti Vladimir Putin-ə sadiq olduğunu bildirib, B.Nemtsov-u «Rusiyanın düşməni» adlandırıb, Rusiyadakı müxalifətçilərin hamısının vətənini satmağa hazır xainlər olduğunu deyib.