Yanukovych video ilə məhkəmədə ifadə verir

Viktor Yanukovych

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych meydan hadisələri barədə ilk ifadəsini verib. Rusiyadan göndərdiyi video-çıxışında V.Yanukovych polisə meydandakılara atəş açmaq əmri vermədiyini, qan tökülməsinə əvvəldən axıra qarşı durduğunu söyləyib.

66 yaşlı V.Yanukovych ölkəni təxminən 3 il əvvəl –2014-cü ilin fevralında kütləvi aksiyalardan sonra tərk etməli olub. İndi Ukrayna hökuməti ona qarşı dövlətə xəyanətlə bağlı ittiham irəli sürüb.

V.Yanukovych-in məhkəməsi hələ başlamayıb, o, meydandakıları atəşə tutmaqda günahlandırılan keçmiş polis işçilərinin məhkəməsinə şahid kimi ifadə verib.

Ukraynada iğtişaşlar 2013-cü ilin noyabrında—V.Yanukovych AB ilə yaxınlıqdan imtina edəndən sonra başladı. Aksiyaçılarla hökumət qüvvələrinin qarşıdurması zamanı 100-dən çox adam öldü. Bir neçə həftədən sonra V.Yanukovych ölkədən qaçdı, Rusiya ordusu isə Ukraynanın Krım vilayətinə nəzarəti ələ keçirdi və ölkənin şərqindəki separatçılara yardım etməyə başladı. Separatçılarla münaqişə hələ davam edir. Bu münaqişələrdə 10 minə yaxın adam ölüb.