'İlqar Məmmədova ittihamlar qaldırılmalıdır'

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsə aparan yol - İlqar Məmmədov

ABŞ-ın ATƏT-dəki missiyası Ali Məhkəmənin REAL Hərəkatının həbsdəki rəhbəri İlqar Məmmədov barədə qərarından narahatlığını bildirib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycan hökumətini Avropa Məhkəməsinin İ.Məmmədov barədə qərarını icra etməyə çağırıb.

«ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərara riayət etməyə çağırır», - missiyanın bəyanatında deyilir.

Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi REAL Hərəkatının lideri İ.Məmmədovun kassasiya şikayətini təmin etməyib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub. Ona 7 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozuntusunu tanıyıb.

Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Nazirlər Komitəsi İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.