Avropa Komissiyasına kiber-hücum olub

AB

Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyası (AK)genişmiqyaslı kiber-hücuma məruz qaldığını bildirir.

Noyabrın 24-də komissiyada internetə giriş bir neçə saatlığa bağlı olub. Qurumun IT xidməti heyətə göndərdiyi məktubda problemin kiber-hücumdan qaynaqlandığını vurğulayıb.

AK-nın sözçüsü Margaritis Schinas-ın dediyinə görə, hücum vaxtında dayandırılıb, məlumat bazasına təsir etməyib. Əməliyyatın arxasında dayananlar barədə bir söz deyilmir.

Avropa Komissiyasına kiber-hücum Ukrayna prezidenti P.Poroshenko-nun Brüsseldə çıxışı gününə təsadüf edib.

Bir gün əvvəl Avropa Parlamenti Rusiyayla bağlı qətnamə qəbul edərək, Kremlin Avropaya qarşı təbliğat kampaniyasını gücləndirdiyini bildirmiş, qurum üzvlərini ciddi önləyici tədbirlər görməyə çağırmışdı.