Məhkəmə Əli Kərimlinin müşavirinə 'yox' dedi

Məmməd İbrahim

Noyabrın 24-də 16 saylı Cəzaçəkmə Müəssisəsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin məhkəməsi keçirilib.

Cəzasının 1/3-ini çəkdiyini əsas gətirərək, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyən siyasətçinin bu haqda ərizəsinə baxılıb.

Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev ərizəni təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna M.İbrahimin vəkili Yalçın İmanov məlumat verib. Müdafiəçi bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

M.İbrahim hadisədən bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.