Məmmədyarov: ‘Güclə sərhədlərin pozulması qəbuledilməzdir’

Elmar Məmmədyarov

“Güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir”.

Noyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonağa məlumat verib.

Buna da bax:​ AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib

O, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə uğurlu əməkdaşlıq etdiyini, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsindən ötrü səylərin artırılacağına əminliyini ifadə edib.

Yan Liddel-Qrenqer Azərbaycanin AŞPA ilə əməkdaşlığını yüksək qiymətləndirib. O, səfər proqramı haqda danışıb.

Görüşdə AŞPA ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərə dair ətraflı fikir mübadiləsi aparıldığı bildirilir.

Buna da bax: Azərbaycan Qarabağ problemində ABŞ-ın səylərini artırmasını istəyir

Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzv olub və bir sıra öhdəliklər götürüb. Azərbaycanın vətəndaş cəmiyyətinin bir çox təmsilçiləri hesab edirlər ki, insan hüquqları ilə bağlı öhdəliklər heç də tam olaraq yerinə yetirilməyib. Bundan başqa, ölkə vətəndaşının Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.