Əksər banklar valyuta satışını dayandırıb

Foto arxiv

ABŞ dollarının məzənnəsinin artması fonunda Azərbaycanın kommersiya banklarında yenidən xarici valyuta qıtlığı yaranıb.

«Turan» agentliyi xəbər verir ki, bankların əksəriyyəti valyuta satışını dayandırıb.

Xəbərdə qeyd edildiyinə görə, «Accessbank», «Amrahbank», «Bank of Baku», «Pashabank», «Bank Respublika», «Kapital Bank» və Beynəlxalq Bankdan dollar almaq istəyən vətəndaşlar istəklərini gerçəkləşdirə bilməyiblər.

«Dəmirbank» limit tətbiq edib – bir ələ ancaq 100 dollar və ya avro verilir. Yalnız «Atabank»da bildiriblər ki, xarici valyuta hər hansı məhdudiyyət olmadan satılır.

Hələ oktyabrda ekspertlər proqnozlaşdırırdılar ki, ilin sonuna yaxın dolların məzənnəsi artacaq. Onlar qeyd edirlər ki, bu, tələbin təklifi üstələməsi ilə əlaqədardır.

Noyabrın 22-də valyuta hərracında dolların məzənnəsi 1.7146 manat səviyyəsində müəyyən edilib.

Lakin indi Azərbaycan Mərkəzi Bankının hərraclarında tələb və təklif haqda məlumat əldə etmək mümkün deyil.

Ekspertlərin rəyinə görə, ölkədə ABŞ dollarına aylıq tələbat 1-1.5 milyard təşkil edir. Bazara dolları, əsasən, Dövlət Neft Fondu çıxarır. Fondun məlumatına görə, oktyabrda onlar hərraclarda 371 milyon dollar satıblar.

Mərkəzi Bank da vaxtaşırı valyuta bazarına intervensiya edir və oktyabrda onun valyuta ehtiyatları 127 mln. dollar azalıb. Ekspertlər ilin sonunadək dolların rəsmi məzənnəsinin 1.80-1.85 manatadək qalxacağını proqnozlaşdırırlar.

Valyuta qıtlığı fonunda «qara bazar»ın yenidən canlandığı bildirilir. Orada valyuta alışı və satışı kommersiya banklarındakı məzənnədən xeyli yüksəkdir.