Bu gün, noyabrın 17-də Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib.
Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova APA-ya deyib ki, 25 yaşlı Bakı sakini Aysel Əzimzadə səhər saat 7 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.
Onun bildirməsinə görə, bu, ananın 2-ci hamiləliyi olub.
Direktor qeyd edib ki, birinci hamiləlikdə uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqlarından vaxtından əvvəl abort olunublar: «Ana ikinci hamiləliyə dərmanlar vasitəsilə qalıb. Hamiləliyin 20-ci həftəsinə qədər ana 3 saylı Şəhər Klinik Xəstəxanasında həkim Mehman Həmzəyevin xəstəsi olub. Ana hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Vəziyyəti pisləşəndən sonra Aysel Əzimzadə noyabrın 11-də kəskin qanaxma ilə Mərkəzə daxil olub. Vəziyyəti kəskin ağır olan ananın qaraciyər və böyrək funksiyalarının stabilləşdirilməsi məqsədilə lazımi yardım göstərilib».
Direktorun deməsinə görə, doğuş spontan-özbaşına fəaliyyətə başlayıb: «Nəticədə çəkisi 200 qramdan 420 qrama qədər olan 5 uşaq doğulub. Lakin görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölüb. Son bir ayda qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində ananın qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar 24-cü həftədə zəif inkişaf etmiş doğulublar. Ananın böyrəyini və qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib».
Ananın və onun qohumlarının hadisəyə münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.