Sürücülük vəsiqəsi ilə bağlı yeni qaydalar

Xarici sürücülük vəsiqəsi

Milli Məclis Azərbaycan ərazisində xarici ölkələrdə verilən sürücülük vəsiqələri ilə bağlı yeni qaydaları təsdiqləyib.

APA-nın xəbərinə görə, parlament «Yol hərəkəti haqqında» Qanuna bununla bağlı əlavələr edib. Təkliflər parlamentə prezidentin təqdimatı ilə göndərilmişdi.

Milli Məclis qanunun 35-ci maddəsinə yeni bənd (xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi) əlavə edib.

Dəyişikliyə görə, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanından verilən və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi ilə cəmi bir ay avtomobil idarə edə biləcək. Vətəndaş bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidir.

Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər isə ölkədə olduqları müddətdə xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilərlər.

Ancaq həmin kateqoriyadan olan şəxslər yaşamaqdan ötrü icazə aldıqda, həmin gündən sonrakı bir ay ərzində sürücülük vəsiqəsini dəyişməlidirlər.

İndiyədək qanunun qüvvədə olan variantında xaricdə alınmış sürücülük vəsiqələri ilə bağlı aydın müddəalar yox idi.