Atəşkəslə bağlı 10 noyabr açıqlaması

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 18 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Ağbulaq kəndinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.