Atəşkəslə bağlı 7 noyabr açıqlaması

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 29 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Fərəhli kəndi, Berd rayonundan da Azərbaycan ordusunun Tovuz rayonundakı mövqeləri atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin hədəf seçildiyi bildirilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Üstəlik, son günlər cəbhədə iri silahların da işə düşdüyü açıqlanır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.