Dopinq qanunu parlamentdən keçdi

Kanada. WADA-n;n ofisi

Ölkə parlamenti “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA-nın xəbərinə görə, layihəni təqdim edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov adıçəkilən qanunun qəbuluna zərurət yarandığını deyib.

“Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər var idi və qanun bu boşluğu aradan qaldıracaq”, komitə sədri bildirib.

Buna da bax:​ Yenə dopinq ittihamı

Onun deməsinə görə, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi və digər məsələlər öz əksini tapıb. Qanun həmçinin Milli Antidopinq Agentliyinin təsis edilməsini nəzərdə tutur. Agentlik nəzdində Apelyasiya Komissiyası, İdman Arbitrajı yaradılacaq.

Son illərdə azərbaycanlı idmançıların adı tez-tez dopinq qalmaqallarında hallanır.

2014-cü ildə 2013-cü ilin nəticələrinə görə 18 ağır atlet dopinqə görə, cəzalandırılıb. 2015-ci ildə daha 6 ağır atletdə dopinq aşkarlandığı bildirilib. Buna görə Azərbaycan builki Rio Olimpiadasındakı iki lisenziyasından məhrum edilib. Bu yaxınlarda da Azərbaycanın ağırlıqqaldırma üzrə 7 atleti dopinq testdən keçə bilmədiklərinə görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Buna da bax:​ Dopinqdə suçlanan Azərbaycan idmançısı: 'Ancaq vitaminlər qəbul etmişəm'

Bu günlərdə isə açıqlanmışdı ki, Azərbaycan Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qanunlara “tabe olmayan” ölkələr siyahısına salına bilər.

WADA-nın dopinq əleyhinə kodeksi ilə razılaşdıqlarını sübut etməkdən ötrü Azərbaycan və bir neçə başqa ölkəyə noyabrın 10-a qədər vaxt verildiyi bildirilirdi.