Uşaq ölümünə görə cinayət işi açıldı

Foto illüstrasiya

2 yaşlı Məhəmmədəli Həsənovun cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

Bu haqda Bakı Şəhər Prokurorluğundan bildiriblər.

Prokurorluqdan APA-ya deyiblər ki, sözügedən ölüm olayı ilə bağlı Nərimanov Rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb. Toplanmış materiallara əsasən Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsindən ötrü məhkəmə-tibbi ekspertizası təyin olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

2 yaşlı Məhəmmədəli Həsənovun ölüm olayı oktyabrın 26-da Bakıdakı «Oksigen» klinikasında baş vermişdi. Uşağın ayağından əməliyyat zamanı vəfat etdiyi bildirilirdi.

Məhəmmədəli Həsənovun yaxınları mediaya ölümün həkimlərin məsuliyyətsizliyi ucbatından baş verdiyini bildirmişdilər.

Məsələ ilə bağlı, hələlik, «Oksigen» klinikasından münasibət almaq mümkün olmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, onlar özəl klinikaların işinə qarışmırlar.