Antarktikada dünyanın ən böyük okean qoruğu yaradılıb

Ross dənizi

İllərdir davam edən danışıqlardan sonra dünyanın ən böyük su qoruğunun yaradılması haqda razılıq əldə olunub.

Sahəsi 1.55 milyon kvadrat kilometr olan qoruq dünyanın ekoloji baxımdan vacib zonası sayılan Ross dənizindədir. Bu sularda heyvanların minlərlə növü, cürbəcür pinqvinlər, suitilər, balina və su quşları, ən nadir dəniz heyvanları yaşayır.

Ərazidə yalnız elmi tədqiqat işlərinə icazə verilir. Razılaşmaya Rusiyanın tələbi ilə dəyişiklik edilərək, tək kiçik bir hissədə balıq ovuna icazə veriləcək.

Bu barədə razılaşmanı Birləşmiş Ştatlar, Britaniya, Almaniya, Fransa və Rusiya əldə edib. Rusiya əvvəl müqaviləyə etiraz etsə də, sonda yola gəlib.

Rəsmilərin dediyinə görə, layihənin ən çılğın tərəfdarlarından biri ABŞ-ın dövlət katibi John Kerry olub. O, Rusiya prezidenti Vladimir Putin-lə, xarici işlər naziri Sergei Lavrov-la bu barədə uzun danışıqlar aparandan sonra istədiyinə çata bilib. Rusiya Prezident Aparatının əvvəlki sədri Sergei Ivanov da bu layihənin gerçəkləşməsinə çalışırmış.